161 və 162 nömrəli avtobuslarla bağlı şad xəbər

12:27 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

161 və 162 nömrəli şəhərətrafı marşrutların istismarı müvəqqəti olaraq yeni daşıyıcılara həvalə edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Hafta.az-bildirilib ki, daşıyıcı “Azland Plaza” MMC tərəfindən Hövsan və Suraxanı qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana yaşayış kompleksini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutların istismarının dayandırılması nəzərə alınaraq, sərnişindaşımanın fasiləsiz həyata keçirilməsi məqsədilə müvəqqəti tədbirlər görülüb.

Məlumata əsasən, sərnişinlərin nəqliyyat xidmətləri ilə fasiləsiz təmin olunması məqsədilə iyulun 27-dən etibarən 161 nömrəli marşrutun istismarı müvəqqəti olaraq “Çinar Trans” MMC-yə, 162 nömrəli marşrutun istismarı isə müvəqqəti olaraq “Xaliq Faiqoğlu” MMC-yə həvalə olunub.